Azərbaycan Çeçenistan hakimiyyətinin yardım təklifini rədd etdi

Azərbaycan Çeçenistan hakimiyyətinin yardım təklifini rədd etdi

Dünən, 12:01
-

A

+

Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirib ki, Ramzan Kadırovun göstərişi ilə onlar AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar.

Söz.az xəbər verir ki, Azərbaycan Prezidentinin Administrasiyasından Day.Az-a verilən məlumata görə, ölkənin heç bir yardıma ehtiyacı yoxdur və bunu qəbul etməyəcək.

“Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və edəcəyik. Azərbaycan faktın tanınmasını, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir”, - deyə mənbə bildirib.

Xatırladaq ki, dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı marşrutu ilə uçan Embraer 190 sərnişin təyyarəsi Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin və 5 ekipaj üzvü) olub.

Sərnişin təyyarəsinin qəzaya uğramasından sonra 27 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 15 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Rusiya Federasiyası, 3 nəfəri Qırğızıstan Respublikasının vətəndaşıdır. Hələlik bir nəfərin şəxsiyyəti müəyyən edilməyib.

Təyyarənin “qara qutusu” artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. 

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Yekun nəticələr bütün lazımi araşdırmalar və məlumatların təhlili tamamlandıqdan sonra veriləcək.



yuxarı