A
+Hindistanın paytaxtı Yeni Dehlidə havanın çirklənmə səviyyəsi təhlükəli həddə çatıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər havanın çirklənməsi səbəbindən məktəbləri bağlamaq və tikinti işlərini dayandırmaq qərarına gəliblər.
Şəhərdə 10-12-ci siniflərdən başqa bütün dərslərin onlayn keçiriləcəyi bildirilib. Həmçinin təcili ehtiyac məhsulları daşımayan yük maşınlarının şəhərə girişi qadağan edilib.
Bəzi köhnə, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinin istifadəsinin qadağan edildiyi şəhərdə səlahiyyətlilər uşaqları, yaşlıları, xroniki və ya tənəffüs xəstəlikləri olanları küçəyə çıxmamağa çağırıb.
Bildirilib ki, şəhərin müxtəlif yerlərində havanın keyfiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi həddi 50 dəfə keçib. Proqnozlara görə, havanın çirklənməsi həftə boyu yüksək səviyyədə davam edəcək.
Havanın çirklənmə səviyyəsini göstərən hava keyfiyyəti indeksi dəyərləri 0-dan 50-yə qədər "yaxşı", 51-100 "orta", 101-150 "həssas", 151-200 "qeyri-sağlam", 201-300 arasında "pis" və 301-dən 500-ə qədər "təhlükəli" kimi təsnif edilir.
Fermerlər tərəfindən yandırılan küləş (taxıl döyüldükdən sonra qalan quru çöplər, iri saman) Hindistanda havanın çirklənmə səviyyəsini hər il pisləşdirir, paytaxt Yeni Dehli isə dünyanın ən çirkli şəhərləri sırasındadır.