A
+Məşhur fransız zərgər Cozef Şaumetin əsərlərindən birindəki daş-qaşlar Fransanın Paray-le-Monial şəhərindəki Hieron muzeyindən silahlı dəstə tərəfindən oğurlanıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə cümə axşamı yerli vaxtla saat 16:00 radələrində baş verib. Muzeyə motosikletlə gələn quldurlardan üçü binaya daxil olub, biri isə çöldə keşik çəkib.
Soyğunçular muzeyin ən qiymətli əsəri olan 1904-cü ildə hazırlanmış 3 metr hündürlüyündəki “Via Vitae” əsərini hədəfə alıblar.
Bu əsərə qızıldan, qiymətli daşlardan və fil sümüyündən hazırlanmış 138 fiqur daxildir.
Quldurlar güclü elektrik alətindən istifadə edərək zirehli şüşələri kəsib, qızıl və fil sümüyü heykəlcikləri, eləcə də zümrüd bəzək əşyalarını oğurlayıblar.
Onlar qaçarkən arxalarından gələn maşınların sürətini azaltmaq üçün yollara mismar töküblər.
“Milli sərvət” kimi təsnif edilən əsərin ümumi dəyərinin təxminən 7 milyon avro olduğu təxmin edilir.