A
+İsrail və Livanın atəşkəs razılaşmasının şərtləri ilə bağlı razılığa gəldiyini iddia edilib.
Söz.az xəbər verir ki, bu barədə “Axios” yüksək rütbəli amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Digər bir məlumata görə isə Livan rəsmisi Vaşinqtonun Beyrutu bir neçə saat ərzində atəşkəs razılaşmasının elan oluna biləcəyi barədə məlumatlandırıb.
Livan parlamentinin sədr müavini İlyas Busaab ABŞ-nin təklif etdiyi atəşkəs şərtlərini açıqlayıb.
İsrail və Livan arasında atəşkəsin şərtləri:
- Təklifə görə, İsrail ordusu 60 gün ərzində Livanın cənubundan geri çəkiləcək. Livan əsgərləri bölgəyə göndəriləcək.
- Atəşkəs rejiminə ABŞ-nin rəhbərlik etdiyi 5 ölkədən ibarət komitə nəzarət edəcək.
Busaab bildirib ki, atəşkəs rejiminin həyata keçirilməsinə heç bir ciddi maneə yoxdur. Atəşkəs rejiminə hansı ölkələrin nəzarət edəcəyi ilə bağlı kiçik mübahisə son 24 saat ərzində həll olunub.
O, Fransanın 5 ölkə arasında olduğunu bildirib.
Dörd yüksək səviyyəli Livan mənbəsinin məlumatına görə, ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron 36 saat ərzində atəşkəs elan etməyi planlaşdırırlar.
İsrail Nazirlər Kabinetinin çərşənbə axşamı Livanla atəşkəs razılaşmasını müzakirə etmək üçün toplanacağı açıqlanıb.
Nazirlər Kabinetinin atəşkəsi qəbul edəcəyi gözlənilir.
İsrailin BMT-dəki səfiri Dannay Danon “Hələ bunu yekunlaşdırmamışıq, amma irəliləyirik” deyib.
Birləşmiş Millətlər Təşkilatı həmçinin Livandakı bütün tərəfləri atəşkəsi qəbul etməyə çağırıb.