A
+Meta korporasiyasının rəhbəri Mark Zukerberq Mar-a-Laqo (Florida) iqamətgahında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.
Söz.az “Fox News”-a istinadən xəbər verir ki, bu barədə Trampın gələcək köməkçisi, Ağ Evin siyasət və milli təhlükəsizlik məsələləri üzrə aparat rəhbərinin müavini Stiven Miller məlumat verib.
“Bəli, Mark Zukerberq Donald Trampın başçılıq etdiyi islahatlar hərəkatı sayəsində Amerikada və bütün dünyada gördüyümüz dəyişiklikləri dəstəkləmək, eyni zamanda da iştirak etmək istəyini çox açıq şəkildə ifadə etdi”, - deyə dedi Miller bildirib.
“The New York Times” nəşri isə Trampla görüşün təşəbbüskarının növbəti Amerika lideri ilə müsbət münasibət qurmağa çalışan Zukerberq olduğunu yazıb.
Nəşrin mənbələri qeyd edib ki, onlar arasında müsbət ünsiyyət olub, o cümlədən Zukeberq Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
“The New York Times” qəzeti yazıb ki, Zukerberq öz korporasiyasını Tramp administrasiyasının mümkün zərbəsindən qorumağa çalışır. “Meta” uzun müddət onu demokratların xeyrinə qərəzli olmaqda günahlandıran Vaşinqton mühafizəkarlarının hücumlarının hədəfi olub.
Bildirilib ki, Tramp “Amerikanı xilas etmək” kitabında Zukerberqi 2020-ci il seçkilərində ona qarşı sui-qəsd hazırlamaqda ittiham edib və 2024-cü il seçkilərinə müdaxilə olacağı təqdirdə sahibkarı ömürlük həbs cəzası ilə hədələyib.
Qəzet qeyd edib ki, Zukerberq son 18 ay ərzində Trampla münasibətləri yaxşılaşdırmağa çalışır.
Seçilmiş prezidentin özü əvvəllər iddia edib ki, iyulda həyatına qəsddən sonra Zukerberq ona zəng edərək noyabr seçkilərində Demokratların namizədinə səs verməyəcəyini bildirib.