A
+Noyabrın 27-də Namibiyada keçirilən ümumi seçkilərin qeyri-rəsmi nəticələrinə görə, 34 ildir iqtidarda olan Cənubi Qərbi Afrika Xalq Təşkilatının (SWAPO) namizədi Nandi-Ndaitva ölkənin ilk qadın prezidenti seçilib.
Söz.az “TRT Haber”ə istinadən xəbər verir ki, Namibiya Seçki Komissiyası Nandi-Ndaitvanın 57,6 faiz səs topladığını bildirib.
Beləliklə, hazırkı vitse-prezident Nandi-Ndaitva Namibiyanın ilk qadın prezidenti olaraq tarixə düşüb.
Nandi-Ndaitvanın ən yaxın rəqibi, “Dəyişiklik Uğrunda Müstəqil Vətənpərvərlər” partiyasının namizədi Panduleni Itula 26 faiz, əsas müxalifət partiyası olan “Xalq Demokratik Hərəkatı”nın namizədi MakHenri Venaani isə 5 faiz səs toplayıb.
Qeyd edək ki, Nambiyada səsvermə 4 gün davam edib.
Buna səbəb səsvermə bülletenlərin yetərli olmaması və seçicilərin qeydiyyatı üçün istifadə edilən planşetlərdə nasazlıqların yaranması olub.
Müxalifət partiyaları seçkinin təkrar keçirilməsini tələb etsə də, maliyyə çətinliyi səbəbindən bunun mümkün olmadığı açıqlanıb.
Cənubi Afrika İnkişaf Birliyinin Seçki Komissiyaları Forumu tərəfindən edilən açıqlamada, seçici qeydiyyatı problemləri, səslərin hesablanmasında gecikmələr və seçki qutusuna girişin məhdudlaşdırılması kimi problemlərə baxmayaraq ümumi seçkinin dinc şəraitdə keçirildiyi bildirilib.